Vətən müharibəsi şəhidləri Teyyublu Çərkəz Vidadi oğlunun və  Gülmalıyev Ağamirzə Ağabəy oğlunun xatirəsinə bulaq kompleksinin açılışı olub.

"Unikal" xəbər verir ki, bulağın açılışı Qaradağ rayon Şonqar qəsəbəsində baş tutub.
Bulaq açılışında Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Səhidin ailə üzvləri və yaxın qohumları, icra hakimiyyəti əməkdaşları, bələdiyyə sədrləri və qəsəbə sakinləri iştirak etdilər.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhid Teyyublu Çərkəz Vidadi oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Gülmalıyev Ağamirzə Ağabəy oğlu Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik  nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ağamirzə Gülmalıyev "Vətən Uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.