Azərbaycanda Aliment Fondunun yaradılması təklif olunub.
“Unikal” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.
O bildirib ki, deputatlara da daxil olan müraciətlərin bir hissəsi alimentlərin verilməməsi ilə bağlıdır.
S.Novruzov qeyd edib ki, alimentlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik: “Aliment Fondu yaratmalıyıq. Övladına aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin və verməyən valideyn tapılsın, ondan həmin məbləğ alınsın. Vətəndaşın imkanı olsa, heç aliment istəməzdi. Aidiyyəti komitələrdən xahiş edirəm bu məsələni nəzərə alsınlar”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, alimentin ödənilməməsinə görə cinayət məsuliyyəti var və məhkəmə təcrübəsində də tətbiq olunur: “Bu Konvensiyaya qoşulmağımız valideynləri xaricdə olub aliment ödəməyən uşaqları əhatə edəcək və bu problemlərin həllinə təsir edəcək”.
Anar Kəlbiyev