“ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik təklif edirəm. Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarından sonra şəhid adlarının əbədiləşdirilməsinə məhdudiyyət qoyulub. Başa düşürəm ki, ağrılı və çətin məsələdir. Amma, bu şəhid ana və atalarının ən çox qaldırdığı və narazı qaldığı məsələdir”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, hər bir rayonda, şəhərdə və kənddə xeyli adsız və ya adı məna kəsb etməyən küçələr var:
“Amma, yerli icra orqanları bunu edə bilmir. Səbəb Nazirlər kabinetinin dediyim qərarıdır. Məsələnin həlli üçün Nazirlər Kabinetinin 25 avqust 1999-ci il qərarına və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik etmək lazımdır. Qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın. Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər Kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir. Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini irəli sürürəm. İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsi təklif edirəm. Yeni redaksiya yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilə bilər. İcra hakimiyyətlərini hər bir məsələdə bu qədər mərkəzə tabe etmək fayda vermir. Qoy özləri qərar versin. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq mərkəzi hakimiyyətin yükünü xeyli azaltmış olar”.
Anar Kəlbiyev