"Qərbin məqsədi postsovet məkanını daha da parçalamaq, xalqları çəkişdirməkdir, bunun ən parlaq nümunəsi Ukraynada “anti-Rusiya”nın yaradılmasıdır".
"Unikal" “RIA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, sirr deyil ki, “parçala və hökm sür” fəlsəfəsindən Qərb keçmiş Sovet İttifaqı dövlətlərinə münasibətdə fəal şəkildə istifadə edir.
"Məqsəd tamamilə aydındır: postsovet məkanını daha da parçalamaq, ölkələrimizi və xalqlarımızı mübahisələndirmək, sərfəli olmayan qarşılıqlı fəaliyyət sxemləri tətbiq etmək, qlobal proseslərin kənarına itələmək”.
Bu gün Moskvada keçirilən MDB ölkələri kəşfiyyat orqanları rəhbərlərinin görüşündə Rusiya XİN rəhbəri bildirib:
“Belə dağıdıcı kursun ən parlaq nəticəsi Ukraynanın anti-Rusiya dayağına çevrilməsidir".
Lavrov iki il əvvəl Belarusda rəngli inqilab cəhdini xatırladıb.
“Amma görünən odur ki, heç bir MDB dövləti bu cür müdaxilədən sığortalanmayıb. Bu, ABŞ-ın, NATO-nun, Avropa İttifaqının Mərkəzi Asiya və Cənubi Qafqazdakı alçaq hərəkətlərində aydın görünür”, - Lavrov bildirib.
Gültəkin Ələsgər