11 oktyabr 2022-ci il tarixində Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və H.Əliyev adına Hərbi İnstitutun təşkilatçılığı ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərə həsr olunmuş hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlının və Hərbi Orkestrin “Bu yol Zəfər yoludur”adlı konsert proqramı təşkil olunub.
"Unikal" xəbər verir ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, H.Əliyev adına Hərbi İnstitutun rəis müavini Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Rövlanov, şəhid atası, Xalq artisti Əli Nur, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zəfər tədbirində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açılıb.
Sonra Zəfər tədbirində Vətən müharibəsində Xətai rayonundan olan 67 şəhidlə bağlı video-çarx nümayiş etdirildi. Tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyiblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olunub.
Konsertdə Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri – Emin Kazımzadə, Günay Qasımova, Rauf Məmmədov, Leyla Əliyeva, Fərhad Ələkbərov, Vüsal Ağayev tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər.
Sonra səhnəyə dəvət alan məşhur ifaçı Şəmistan Əlizamanlı tədbirin təşkilatçılarına təşəkkür etdi, şəhidlərin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərə cansağlığı diləyib.
Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlərin rəhbərlik etdiyi “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən mütəmadi olaraq keçiriləcəyini vurğulayan Ş.Əlizamanlı tamaşaçılara hərbi vətənpərvərlik mövzularında möhtəşəm mahnılarını təqdim edib.
Şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək qəhrəman əsgər və zabitlərimizin şanlı döyüş yolundan bəhs etdi, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdi.Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.
Tədbirdə hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri ifalarını təqdim ediblər.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.