"Hansısa sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Məni də tənqid edirlər, bəzən təhqirə keçirlər".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Rzayev sosial şəbəkələr haqqında qanun layihəsinin hazırlanması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.
O bildirib ki, hər bir insan sözünün ağası olmalıdır, real danışmalıdır: "Biz nədən ağa qara deməliyik? Bəzi nankorlar Vətən müharibəsində qazandığımız uğuru etiraf etmirlər. Azərbaycan Ordusu möhtəşəm qələbə qazanıb, 300-ə yaxın kənd və şəhər işğaldan azad olunub. Bunu inkar edənlər məni 100 dəfə söysünlər, təsir eləmir. Ağlı olan adam başqasını təhqir etməz. Baxırsan, cəmiyyət haqqında mənfi fikirlər yayırlar. Ziyalıları, alimləri, deputatları, məmurları təhqir edirlər. Yaxşı, bu ölkədə saf adam qalmadı? Bu, azərbaycanlı olaraq bizə yaraşan xüsusiyyət deyil. Ümumiyyətlə, insan söyüşlə danışmaz. Nöqsanlarımızı deyək, amma hər şeyə qara yaxmayaq".
Anar Kəlbiyev