Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən xəbərə görə, Baş İdarəyə ölkənin cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də “Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə əməliyyat məlumatları daxil olub.
Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülüb və araşdırılıb. Nəticədə qeyd edilən ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. ağaclarının kəsildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev və Ramin İbadov müəyyən edilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz sübuta yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları oduncaqlar, eləcə də digər maddi sübutlar onlara məxsus anbarlardan aşkar edilərək götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin rəyi əsasında müəyyən olunub ki, dəstə üzvləri tərəfindən kəsilən ağaclar yaş halda olub və nəticədə meşə massivlərinə külli miqdarda ziyan vurulub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Ağacların kəsilməsi və emalında iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.