Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsindəki vaxtilə başladılmış cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə APA-ya onların vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, 2016-cı ildən qeyri-müəyyən vaxta təxirə salınmış iclasda bu gün yekun olmayan məhkəmə aktı elan olunub. Hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qəbul edilən akta əsasən, iş üzrə icraat dayandırılıb: "İş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığı ilə bağlı vəsatət qaldırsaq da, məhkəmə təmin etmədi. Hesab edirəm ki, təqsirləndirilən şəxslər elektron yolla da ifadə verə bilərdilər".
Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.
Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.
Bundan başqa, onların qızının evinə qoyulmuş həbs də götürülüb.