Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla 18 oktyabrı Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik tarix kimi dəyərləndirib.
“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində baş verən hadisələrə nəzər salsaq, görərik ki, ilk illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi, ölkə inkişaf etdi, iqtisadi gücümüz artdı. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu”.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığı və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığı vurğulanıb, ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğu diqqətə çatdırılıb.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda çıxış edib. Ramin Quliyev 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşadığını və bu müstəqilliyi ölkəmizin 1991-ci ilin 18 oktyabr tarixində yenidən bərpa etdiyini bildirib. Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhdidlər və risklərin olduğunu qeyd edən R.Quliyev məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Leyla Rüstəmli “Dövlət müstəqilliyi haqqında konstitusiya aktı Azərbaycanın demokratik inkişafının əsasıdır” mövzusunda çıxış edib. Bildirib ki, ötən əsrin sonlarında SSRİ-nin süquta uğraması nəticəsində yaranan əlverişli tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib. Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında 1991-ci il 30 avqust tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilib. Ali Sovetin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub.
Xarici dillər kafedrasının müəllimi Günay Səfərova “Müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınması” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan özünün həm daxili, həm də xarici siyasətində böyük uğurlara imza atmaqdadır. Belə uğurların sayəsində ikinci Qarabağ müharibəsində məhz qalib tərəf biz olduq. Azərbaycan qalib ölkə kimi bütün dünyaya öz haqq işini sübut edə bildi. Azərbaycan-İsrail əlaqələrindən danışan Günay Səfərova iki ölkə arasında qurulan strateji əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq vurğulayıb.