Asif Məmmədovun 42 milyonluq maxinasiyası; icra başçısını həbs gözləyir
11:29 06-03-2013
İQTİSADİYYAT
Məlum olduğu kimi, bu il fevralın 15-də Asif Məmmədov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Başqa sərəncamla isə Asif Ağayev Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin olundu.
Asif Məmmədovun görəvindən alınması ilginc bir məqama təsadüf etdi. Belə ki, Şamaxıda bir qrup fəal Asif Məmmədovun istefası tələbilə aksiya keçirmək üçün icra hakimiyyətinə müraciət etmişdi. Aksiya fevralın 20-ə təyin edilmişdi. Aksiya təşkilatçıları bildirmişdilər ki, Şamaxıda sosial vəziyyət ağırdır, iş yerləri yoxdur. Rayonun 157 küçəsindən vur-tut 3-də gediş-gəliş rahatdır. Qalan yollarda maşın hərəkət edə bilmir. Şamaxıda 3 zavod açılıb deyirlər. Ancaq yenə də iş yeri yoxdur. Şamaxı camaatı zülmlə yaşayır. Bütün torpaqlar qıraqdan gələnlərə satılıb. Yerli sakinlərə yaşamağa, işləməyə yer yoxdur. Buna görə də mitinq təyin edilmişdi.
Amma aksiyaya 5 gün qalanda Asif Məmmədov görəvindən alındı və bu, haqlı olaraq artıq sabiq olan icra başçısının şamaxılılara yaşatdığı zülmün cəzası kimi qiymətləndirildi. Bunu onun «vurulması»ndan sonra planlaşdırılan mitinqin təxirə salınması da təsdiqləyir.
Qeyd edək ki, hələ iki ay əvvəldən hakimiyyətin icra başçıları ilə bağlı yeni tarama əməliyyatına start veriləcəyi ilə bağlı məlumatlar mətbuat səhifələrində dolaşırdı. Bildirilirdi ki, artıq qərar verilib və bir neçə rayonun icra başçısının vəzifəsindən alınması prosesinin start düyməsi basılacaq.
Qeyd olunurdu ki, adları «qara siyahıya» düşən icra başçılarının kimlikləri məlumdur. «Keçən il də bir neçə icra başçısı vəzifəsindən uzaqlaşdırıldı. Lakin onların əksəriyyəti yenidən başqa bir rayona transfer olundular. Amma bu dəfə baş verən dəyişikliklərdə «vurulacaq» başçılardan yalnız bəzilərinin yeni vəzifəyə təyin olunması söhbəti gedir. Yerdə qalanlar vəzifələrini birdəfəlik itirmiş olacaqlar» - deyə ilin əvvəlindən ölkə mətbuatı yazırdı.
Məlum İsmayıllı hadisələrindən və ölkə başçısının yanında fevralın 12-də keçirilən konfransda dövlət rəhbərinin kəskin tənqid və sərt xəbərdarlıqlarının ardınca bəzi icra başçılarının «vurulacağı»na dair informasiyalar daha da intensivləşdi. Maraqlıdır ki, bütün bu məlumatlarda bir neçə rayonun rəhbəri ilə bərabər Şamaxının icra başçısı Asif Məmmədovun da vəzifədən alınacağı ən yüksək ehtimallardan biri kimi göstərilirdi.
Həmin ehtimal artıq reallaşıb. Və bunun səbəblərinə də yuxarıda aydınlıq gətirdik: Şamaxıda sosial-iqtisadi durumun hədsiz ağırlığı və rayon sakinlərinin yerli icra hakimiyyətindən ciddi narazılığı!
Dünənsə redaksiyamıza daxil olan məlumatlarda bildirilirdi ki, Asif Məmmədov vəzifəsindən azad edilməklə canını qurtara bilməyib. Belə ki, artıq Şamaxı rayon İcra Hakimiyyətində yoxlamalara başlanılıb və bu yoxlamalar əvvəlki icra başçısının dövründə rayona ayrılan dövlət vəsaitlərinin xərclənməsi zamanı yol verilən korrupsiya şübhələrinə əsaslanır.
İddia edilir ki, Asif Məmmədovun rayona rəhbərlik etdiyi dövrdə üst-üstə təxminən 42 milyon manat vəsaitin taleyi qaranlıqdır. Həmin vəsaitlər «abadlıq və yenidənqurma» adı ilə havaya sovrulub. Bundan başqa rayonlarda yeni iş yerlərinin açılması adı altında xeyli pripiskaya yol verilib, Şamaxının ən mənzərəli yerlərindəki torpaq sahələri rayon rəhbəri və ona yaxın olan şəxslər tərəfindən mənimsənilib.
Asif Məmmədovun icra başçılığı dövründə dövlət vəsaitlərinin təyinatı üzrə xərcləməsinin şübhə altında olması onun fəaliyyət illərinin təftişinə ciddi rəvac verib. Həmin təftişin sonu isə sabiq rayon rəhbəri haqqında yeni cəzalandırma metodunun işə salınmasına (sərvətlərinə əl qoyulması, hətta azadlığını itirmək təhlükəsi ilə qarşı-qarşıya qalması) gətirib çıxara bilər.
Onu da deyək ki, belə bir təftiş Asif Məmmədovun görəvindən alınmasından sonra yaşadığı ikinci şokdur. Belə ki, sabiq icra başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan qısa müddət sonra bir qrup rayon sakini onun haqqında ölkə rəhbərliyinə sensasion müraciət etmişdi. «Şamaxının keçmiş başçısı Asif Məmmədov getdi, amma bizim boğazımızdan kəsib özü üçün üzümlük saldığı 500 ha torpaq sahəsi kimi problemi qoyub getdi. Bu işlərdə ona müavini işləmiş Sərdar Ömərov dəstək vermişdi. S.Ömərov Çıraqlı kənd bələdiyyəsinin əli ilə, sonra özü bizimlə görüşüb torpaqlarımızı su qiymətinə ələ keçirtdi, bizi aldatdı… O, bildirdi ki, 500 ha torpaq icra başçısı Asif Məmmədov üçündür. Sonra həmin əraziyə «setka» çəkildi, Asif Məmmədovun adamları İsmayıllıdan beton dirəklər gətirdilər… Hazırda ərazi əkilib, keçmiş başçı üçün üzümlük salınmaqdadır. Kəndin isə örüş yeri yoxdur, bizə məxsus bələdiyyə torpaqları beləcə zəbt olunub» deyə müraciətdə bildirilir və sonda onlar torpaqlarının geri qaytarılmasını istəyirdilər. Bu yöndə gələn məlumatlardan belə başa düşmək olar ki, şikayətçilərin istəyi təmin olunacaq və həmin geniş torpaqlar Asif Məmmədovun əlindən alınacaq.
Bir sözlə, Şamaxının icra başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra şok üstünə şok yaşayır. Onun bütün bu işlərin içindən necə çıxacağı isə maraq doğurur.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53