"Təqdim edilmiş büdcə sənədlərinə əsasən, gələn il dövlət büdcəsindən 1,7 milyard manat subsidiya verilməsi nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, bu, cari ildə gözlənilən icradan 25,5% çoxdur və büdcə xərclərində payı artaraq 5,3% olacaq.
"Nəticə olaraq, subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarların olmaması şəraitində subsidiyaların məbləğində nəzərəçarpacaq artım müşahidə edilir. Bizim təklifimiz büdcədən verilən subsidiyaların hansı şərt və qaydada verilməsi ilə bağlı mexanizmin müəyyən edilməsi ilə bağlıdır. Bu, maliyyə nəzarəti üçün normativ baza olmaqla yanaşı, büdcə intizamının gücləndirilməsi üçün həm Maliyyə Nazirliyi, həm də kənar dövlət maliyyə nəzarətini aparan Hesablama Palatası üçün etibarlı meyar ola bilər. Bu, həm də növbəti illərdə subsidiyanın mahiyyətinin konkretləşdirilməsinə və bu ad altında nəzərdə tutulan xərclərin azalmasına da səbəb olar".
Anar Kəlbiyev