"Moskva ilə Bakı arasında əməkdaşlıq son vaxtlar həqiqətən də strateji və müttəfiq xarakter alıb".
"Unikal" xəbər verir ki, bunu cümə axşamı XI Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclasında çıxışı zamanı Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
“Son illər dostluq və tərəfdaşlıq əlaqələri daha da möhkəmlənib. Əməkdaşlıq həqiqətən strateji və müttəfiq xarakter alıb”.
Onun fikrincə, iki dövlət arasında humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial var. Mişustin əlavə edib:
"Sizi bundan daha fəal istifadə etməyə çağırıram".
Onun fikrincə, ümumi dil məkanını qorumaq və onu yeni müasir şəraitə uyğunlaşdırmaq ən mühüm vəzifələrdən biridir. “İndi Azərbaycanda 340-a yaxın rusdilli məktəb var. Bir çox gənclər rus dilində ali təhsil almağa can atırlar və biz bunun üçün lazımi imkanlar yaradırıq”.
Mişustinin sözlərinə görə, güclü humanitar əlaqələr ölkələrimizin vətəndaşları arasında birbaşa təmasların genişləndirilməsi üçün etibarlı zəmin yaradır və mehriban qonşuluğun möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. O ümid edir ki, hazırkı forum qarşılıqlı əlaqəni daha da yüksək səviyyəyə qaldıracaq.
Rusiya Nazirlər Kabinetinin rəhbəri bildirib ki, hökumət forum iştirakçılarının təkliflərini nəzərdən keçirməyə və nəzərə almağa hazırdır. "Regional əlaqələrin coğrafiyasının genişləndirilməsi və qurulmuş əlaqələrin gücləndirilməsi ölkələrimizin iqtisadiyyatının inkişafına kömək edəcək, Rusiya və Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək", - Rusiya Federasiyasının Baş naziri qeyd edib.
Gültəkin Ələsgər