"İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır".
"Unikal" xəbər verir ki, bu fikirləri İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, Əli Əkbər Vilayəti Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri ilə bağlı qeydlərində yer alıb.
Müşavir bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır.
İranlı rəsmi qeyd edib ki, ölkəsi bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir.
"Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq. İran bu gün elə bir qüdrətə malikdir ki, düşmənləri onunla hesablaşır, lakin qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır", - Ali Rəhbərin müşaviri əlavə edib.