Hacıbala Abutalıbovun növbəti iflası
12:51 07-03-2013
İQTİSADİYYAT
Uşaq bağçaları Bakı merinin nəzharətinə keçdikdən sonra vəziyyət daha da qəlizləşib
Ötən il Azərbaycanda uşaq bağçaları Təhsil Nazirliyinin nəzarətindən çıxarıldı və yerli icra hakimiyyətlərinin tabeçiliyinə keçirildi. O vaxt bu qərar bir çoxları tərəfindən alqışlanır və ölkədə məktəbəqədər təhsil müəssisələrinin taleyində nəhayət ki, ciddi müsbət dönüş yaranacağına dair proqnozlar verilirdi.
Paytaxt bağçaları Bakı şəhər İcra Hakimiyyətinə verildikdən sonra isə şəhər meri Hacıbala Abutalıbov populist vədlərlə çıxış etdi. O, uşaq bağçalarındakı neqativliklərin ən qısa vaxtda aradan qaldırılacağını təntənə ilə elan etdi, amma…
İşin «əmma»sı ondadır ki, Bakıdakı uşaq bağçaları meriyanın «bayrağı altına» keçdikdən sonra bir qayda olaraq onlardan qanqaraldıcı xəbərlər gəlməkdədir. Məsələn, bir neçə gün əvvəl məlumat yayıldı ki, Bakının Yasamal rayonu ərazisində uşaq bağçası yanıb. Yasamal rayonu 98 saylı uşaq bağçasından adının çəkilməsini istəməyən bağça müəlliməsinin sözlərinə görə, gecə saatlarında bağçanın otaqlarının birində elektrik naqillərində alışma olub.
Nəticədə televizor və bir sıra avadanlıqlar yanaraq külə dönüb. Qapı və pəncərəsi bağlı olan otaqdakı havasızlıq səbəbindən alov başqa otaqlara keçməyib. Bağçanın yanmasını işçilər səhər işə gələrkən görüblər. Xoşbəxtlikdən olay faciə ilə yekunlaşmayıb.
Bundan əvvəl isə Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 138 saylı uşaq bağçasında kütləvi zəhərlənmə halı baş verdi. Nəticədə 11 körpə 2 saylı xəstəxanaya yerləşdirildi. Onların qidadan zəhərləndiyi ortaya çıxdı.
Eyni günlərdə mətbuatda Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən 105 saylı uşaq bağçasında yaranmış problem barədə mətbuatda valideyn şikayətləri dərc edildi. Onların sözlərinə görə, bağçanın dam örtüyü uzun illərdir təmir olunmadığı üçün yağan yağış suları binanın içinə tökülür: "Uşaqlar yatdığı yerdə üstlərinə su axır. Otaqların hamısı rütubətdən pis günə düşüb. Bağça müdirəsinə şikayətimizi bildirmişik. O isə həmişə arxayın edir ki, düzələcək. Biz uşaqlarımızı bağçaya göndəririk ki, orda qayğı görsünlər. Soyuq şəraitdə uşaq necə rahat ola bilər?". Bağçada heç bir şərait olmadığı halda, hər ay müəyyən məbləğdə pul ödənildiyi də şikayət mövzusu idi.
Belə faktların sayını xeyli artırmaq olar. Amma ümumi mənzərəni təsəvvür etmək üçün sadaladıqlarımızın kifayət etdiyini düşünərək əsas məsələnin üstünə gələk: az qala hər gün paytaxtın uşaq bağçaları ilə bağlı hətta əvvəlki dövrlərdə belə rastlanmayan xoşagəlməzliklər, qorxunc hadisələr baş verəcək, rüşvət halları isə daha da çiçəklənəcəkdisə, onları Hacıbala Abutalıbovun ixtiyarına keçirməyə nə lüzum vardı? Bir halda ki, yenə də necə deyərlər, köhnə hamam, köhnə tas olacaqdı, Bakı meri məktəbəqədər müəssisələrin fəaliyyətində heç bir köklü dəyişikliyin əsasını qoya bilməyəcəkdi, o zaman onları paytaxt meriyasının nəzarətinə keçirməkdə əsas məqsəd nə imiş görəsən?
Əlbəttə, bu sualların ən doğru cavabını yenə də Hacıbala Abutalıbovun özü bilir. Bizə isə bunu əminlik elə demək qalır: uşaq bağçaları ilə bağlı gözlənilən müsbət dəyişikliklərə artıq ümid yoxdur, Abutalıbovun «bağça siyasəti»ni indi əminliklə iflasa uğramış adlandırmaq mümkündür.
Yeri gəlmişkən: Hacıbala Abutalıbov uşaq bağçaları üzərində nəzarəti ələ keçirdikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaratdı. Yeni qurumun tabeçiliyində ümumilikdə 347 uşaq bağçası və körpələr evi var. Bura 3 uşaq evi də daxildir. Abutalıbovun bu təzə idarəsi məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturu ilə bağlı prezident sərəncamından irəli gələn tapşırıqların icrası ilə məşğul olmalıdır. Amma yaradılmasından az qala 10 ay keçən idarənin nə işlə məşğul olduğunu bilən yoxdur.
Bu qurum mətbuatla işləməkdə niyəsə həvəsli deyil, görülən işlərlə bağlı KİV-ə məlumatlar verilmir. Bəlkə də görülən iş yoxdur deyə mətbuata veriləcək məlumat da yoxdur…
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00