İranın elektrik şəbəkələrinin Rusiya, Ermənistan və Azərbaycanla sinxronlaşdırılması layihəsi davam edir.
"Unikal" İran mediasına istinadən xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian deyib.
Onun sözlərinə görə, Rusiya və İranın elektrik şəbəkələrinin ilkin sinxronlaşdırılması başa çatıb, həmçinin Rusiya, Ermənistan, Azərbaycan və İranın elektrik şəbəkələrinin birgə sinxronlaşdırılması üçün texniki tədbirlər həyata keçirilir.
“Elektrik şəbəkələrinin sinxronlaşdırılması və qoşulması İranda enerji sisteminin sabitləşməsinə kömək edəcək”, - deyə rəsmi bildirib.
Nazir əlavə edib ki, İslam Respublikası layihənin texniki sektorlarının inkişafı ilə məşğuldur. O, həmçinin qeyd edib ki, adıçəkilən ölkələr elektrik enerjisinin barterini də müzakirə edirlər.
“Bizə elektrik enerjisi lazım olanda onu Azərbaycan, Ermənistan və Türkmənistandan idxal edə bilərik”, - deyən nazir əlavə edib ki, ölkənin profisit olduğu dövrlərdə elektrik enerjisi ixrac edə bilər.
Gültəkin Ələsgər