Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən ƏDV-nin geri qaytarılması qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.
"Təbii ki, dəyişikliklər qeyri-nağd ödənişlərin stimullaşdırılması baxımından vacibdir. ƏDV-nin geri qaytarılması mexanizmində əsas məqsəd məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır. Bu, iqtisadiyyatın ağardılması, islahatların dərinləşdirilməsi baxımından vacib idi. Bununla yanaşı, Milli Məclisdə keçirilən komitə iclasında nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20.0 faizə atırılmasını təklif etdim. Nağdlı ödənişlər üzrə 5.0 faiz bənd azalmanın olduğunu nəzərə alsaq, nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu plastik kartlardan istifadəyə marağı daha da artırardı. Bütövlükdə, Vergi Məcəlləsinə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq".