Aİ-yə üzv ölkələr 2023-cü ilin sonuna kimi Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib.

Qerçinski qeyd edib ki, Aİ statusun əldə edilməsi üçün zəruri olan 12 tövsiyənin icrasına nəzarət edir.

“Hələ vaxt var, çünki təqvimə əsasən gələn ilin yazında tövsiyələrin icrasını qiymətləndirəcəyik. Oktyabrda Avropa Komissiyasının rəsmi rəyi gözlənilir və yalnız bundan sonra liderlərimiz gələn ilin sonunda Avropa Şurası çərçivəsində Gürcüstanın və üzv olmaq istəyən digər ölkələrin tərəqqisini müzakirə edəcəklər " deyə səfir bildirib. 

O, islahatların həm hakim dairələrin, həm də müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin və qeyri-hökumət sektorunun iştirakı ilə həyata keçiriləcəyinə ümid etdiyini də bildirib.

İyun ayında Avropa Parlamenti Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun tezliklə verilməsi haqqında qətnamə qəbul edib. Avropa Şurasının prezidenti Çarlz Mişelin sözlərinə görə, Gürcüstan bir sıra şərtləri yerinə yetirdikdən sonra namizəd statusu ala bilər. “Şura Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib, bir sıra şərtlər yerinə yetirilən kimi o, namizəd statusunu ala biləcək. Gürcüstanın gələcəyi Aİ ilə bağlıdır”- o əlavə edib. 

Ölkənin baş naziri İrakli Qaribaşvili də öz növbəsində yaxın gələcəkdə Aİ-yə namizəd statusu almaq üçün işləməyə hazır olduğunu bəyan edib.

Gültəkin Ələsgər