Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür.
"Unikal" xəbər verir ki, 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə yeni magistral su kəmərinin çəkilməsi ilə rayon mərkəzi və bir neçə kənd içməli su ilə təmin edilib. Şəhərin su təchizatında etibarlılığın artırılması, eləcə də su çatışmazlığından əziyyət çəkən digər yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışını təmin etmək məqsədilə Şirvan-Muğan qrup su kəmərindən ikinci magistral kəmərin tikintisinə başlanılıb. 38 km uzunluğunda layihələndirilən magistral su kəməri 450 və 560 mm diametrli polietilen borularla inşa edilir. Artıq kəmərin tikintisi üzrə işlərin 30 faizə qədəri icra olunub. Kəmərin inşaasının qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Yeni kəmər 2020-ci ildə inşa edilmiş birinci Salyan-Neftçala magistral su kəməri ilə əlaqələndiriləcək. Bu da gələcəkdə baş verə biləcək qəzalar zamanı, eləcə də suya tələbatın artdığı yay aylarında bütün yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.
Xatırladaq ki, 2020-ci ilin yayında Xəzər dənizi suyunun Kür çayı istiqamətində axması suyun keyfiyyətinin pisləşməsinə səbəb olmuş, nəticədə bu mənbədən qidalanan sutəmizləyici qurğuların fəaliyyəti dayandırılmışdır. Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib.