"Neftin qiymətində kəskin enişlər müşahidə olunur. Noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib. Hazırda Brent markalı neftin 1 bareli 81.50 dollara təklif olunur. Noyabrın ilk günündə isə qiymət 99.0 dollara yaxın idi".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, OPEC+ alyansı hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir:
"Dünya neft içərsində “üzür”. Təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür. Bu da qiymət azalmalarını sürətləndirir. Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır".
Deputat qeyd edib ki, neftin qiymətindəki son azalmalar eyni zamanda qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır:
"Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər".
Seymur Əli