Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Gəncə şəhərinə səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə olunub.
Niyazi Bayramov qonağı salamlayaraq, qədim tarixə malik olan Gəncə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada bir sıra sənaye müəssisələri mövcuddur ki, bu da, xarici investorların Gəncə şəhərinə cəlb olunmasına mühüm şərait yaradır. Bununla yanaşı, Gəncədə elm və təhsil sahəsinə də diqqət yetirildiyini vurğulayıb. Belə ki, şəhərdə fəaliyyət göstərən 3 universitetdə xarici ölkələrlə tələbə və müəllim mübadiləsi aparılır. Bu da, öz növbəsində, Böyük Britaniya ilə Gəncə arasında daha bir əməkdaşlığa yol açır.
Həmçinin Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən dəstəklənən Yaşıl Şəhər Fəaliyyət Planının hazırlanması istiqamətində işlər aparılır. Böyük Britaniyanın "ATKİNS Global" şirkətinin də bu layihəyə dəstək olduğunu vurğulayıb. Şəhər rəhbəri bildirib ki, "Yaşıl şəhərlər" proqramı çərçivəsində icra olunacaq layihələr Gəncə şəhərinə ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək.
Fergus Auld səmimi görüşə görə şəhər rəhbərinə öz minnətdarlığını bildirib. O, səfərinin əsas məqsədinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib. Diplomat onu da vurğulayıb ki, Böyük Britaniyadakı ali təhsil müəssisələri ilə Gəncədə fəaliyyət göstərən universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək olmağa hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.