Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı cinayət işində daha bir təfərrüat ortaya çıxıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Fuad Cəlilzadə ilə qətlə yetirilən qardaşlar Amin Quluzadə və Xəyal Quluzadə uzun müddət münaqişədə olublar.
Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.
Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib.
Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.
Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynləri Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.
Fuad Cəlilzadə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək cinayət törətdiyini etiraf edib.
Qeyd edək ki, Fuad Cəlilzadə kənddə heyvandarlıqla məşğul olub.
***
10:48
Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində 1 maddə ilə ittiham verilib.
"Unikal" xəbər verir ki, Fuad Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ittiham verilib.
Qeyd edək ki, ötən gün 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyərək öldürüb.
***
00:59
Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.
Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.
00:31
Bəyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:
Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;
Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;
Quluzadə Amin Nadir oğlu – 26 yaş;
Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;
Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
00:0
0Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.
"Unikal" xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.
23:34
Dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.