İri məmurların şirkətlərinə müdhiş həmləİri məmurların şirkətlərinə müdhiş həmlə
12:50 08-03-2013
İQTİSADİYYAT
Seçki ilində onların xərcləmələri və gəlir-çıxarları diqqətlə izlənəcək
2013-cü il önəmli siyasi hadisələrdən birinə şahidlik edəcək. Payızda ölkədə prezident seçkiləri keçiriləcək.
Artıq indidən siyasi proseslərin kifayət qədər canlanması müşahidə edilir. Bu isə o deməkdir ki, seçki hökumət üçün düşünüldüyü qədər asan keçməyəcək.
Ən maraqlı məqamlardan biri də istər müxalifətə yaxın çevrələrdən, istərsə də bir çox iqtidaryönlü ekspertlərdən, politoloqlardan həm Rusiya, həm də Qərbin 2013 seçkisi ilə bağlı hakimiyyətin düşüncələrindən fərqli planlarının olmasına dair eyhamlı fikirlərin ortaya atılmasıdır. Bu da istər-istəməz seçkidə hakimiyyətin uğursuzluğa uğrayacağı qənaətini dərinləşdirir.
Belə bir siyasi atmosferdə iqtidar üçün iki məqam həyati önəm daşıyır. Bunun biri hakimiyyətin monolitliyini təmin etməkdir. İqtidar içində qrup savaşlarının davam etməsi böyük təhlükədir. Hakimiyyət daxilində siyasi və iqtisadi nüfuz uğrunda döyüşən həmin qrupların səngiməyən, əksinə böyüyən qarşıdurması iqtidarı arzuolunmaz situasiyalarla baş-baş qoya bilər.
İkinci məqam iqtidar içində müəyyən yüksək çinlilərin və onların təsir dairəsindəki iş adamlarının proseslərin hakimiyyətin opponentləri üçün məqbul istiqamətdə cərəyan etdiyini görüncə gələcəklərini təminat altına almaq qayğısına qalmaqdan ötrü təşəbbüslərdə bulunmalarıdır. Bu isə son nəticədə hakimiyyət daxilindəki çeşidli çevrələrdən iqtidar opponentlərinin düşərgəsinə informasiya və maliyyə axınının başlamasına gətirib çıxara bilər.
Bir çox ekspertlər razılaşırlar ki, ötən illərin təcrübəsində də oxşar halların yaşandığı müşahidə edilib. Bunu təbii sayan ekspertlər hesab edirlər ki, iqtidar içindən kimlərinsə istər karyera, istərsə də biznes baxımından perspektivə hesablanmış sərmayələri - müxalifətə gizli siyasi və maliyyə dəstəyi qəbulolunandır. Onların fikrincə, xüsusilə 2003 və 2005-ci il seçkilərində bu təcrübənin çox yaşandığından məlumatlı olan hakimiyyət, bu il eyni halların təkrarlanmaması üçün hazırlıqlı olacaq, önləyici tədbirlərə əl atacaq.
Bu sırada xüsusilə bəzi iri məmurların nəzarətindəki biznes strukturlarının xərcləmələrinə, gəlir-çıxarlarına diqqət artırılacaq. Səbəb isə kifayət qədər aydındır: iri məmurların pulları onların biznes sahələrində dövr etdiyindən «hərlənib-dolanıb» iqtidara əks düşərgəyə də gedib çıxa bilər. Belə bir ehtimalın reallaşma imkanı isə kifayət qədər yüksək olduğundan iqtidarın aidiyyatı qurumlarını bəzi yüksək çinli hakimiyyət mənsublarına məxsus iri şirkətləri kontrol altında saxlamağa sövq edəcək.
Bunun iqtidar daxilindən və hakimiyyətə yaxın kulislərdən müxalifətə siyasi və kapital dəstəyini önləmək üçün yetərli olub-olmayacağını isə demək çətindir. Siyasi həyəcanın artması və hakimiyyətin seçki planlarının istənilən şəkildə getməməsi halında bəzi iri məmurların və holdinqlərinin pullarının dövriyyəsini nə qədər diqqətlə izləsən və incələsən də, arzuolunmaz gedişlər edilə bilər.
Çünki təcrübə göstərir ki, bir çox məmurlar bir az çətin, gərgin anlarda hakimiyyətin taleyindən çox özlərinin və pullarının gələcəyinin qeydinə qalırlar. Onlar üçün şəxsi maraqlar mənsub olduqları siyasi düşərgənin ümumi mənfəətlərini belə, asanlıqla üstələyir.
Odur ki, hakimiyyətin müəyyən məmurlara etimadsızlığını və onların seçki ili kimi həssas bir dövrdə bizneslərini nəzarət altına almağa çalışması kifayət qədər başa düşüləndir.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00