Hansı məmurlar bank sektorundan uzaqlaşdırılacaq?
12:52 08-03-2013
İQTİSADİYYAT
Azərbaycanda kiçik bankları gözləyən böyük təhlükənin pərdəarxası
Azərbaycanda kiçik banklar böyük təhlükə qarşısındadır. Proses belə davam edərsə, yaxın iki ildə onların bir çoxu sıradan çıxmaq, müflisləşdiklərini elan etmək məcburiyyətində qala bilərlər. Arxalarında müəyyən dişli məmurların dayandıqları heç kimdə şübhə doğurmayan həmin bankları gözləyən bu təhlükənin səbəbi nədir bəs?
Əvvəla, bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədə fəaliyyət göstərən bankların məcmu kapitalına qoyulan tələbi 50 milyon manata qaldırması kiçik bankları pis vəziyyətdə qoyub. Artıq əmanətçilər ehtiyatlı davranmaq məcburiyyətindədirlər. Belə məlumatlar var ki, bir çox əmanətçilər pullarını kiçik banklardan çıxararaq böyük banklara yerləşdirirlər. Qorxurlar ki, kiçik banklar bağlana bilər. Nəticədə də kiçik banklar üçün
arzuolunmaz vəziyyət yaranır. Vəziyyətdən qurtarmaq üçün bəzi kiçik bankların əmanət dərəcəsini yenidən 15%-ə qaldırmaqla bu məsələdən xəbərsiz olanları cəlb etməyə çalışdıqları yönündə iddialar var. Həmin iddialar rəsmən təsdiqlənməsə də, hər halda od olmayan yerdən tüstü çıxmaz.
Kiçik banklara yaranan təhlükənin bir başqa səbəbi onların yüksək faizli əmanətlərdən asılılığıdır. Söhbət həm də ondan gedir ki, kiçik bankların əmanət dərəcələrini qaldırması ölkə üzrə kredit dərəcələrini də artırır ki, bu da son nəticədə istehlak bazarında qiymətlərin yüksəlməsinə və iqtisadi aktivliyin əngəllənməsinə səbəb olur. Əslində əmanət dərəcələrinin kredit dərəcələri ilə birbaşa bağlı olması AMB-nin məlumatlarında da əks olunur. Bu məlumatlara görə, bankların kredit portfelinin təxminən 50 faizini əmanətlər təşkil edir. Lakin bu, orta göstəricidir - Azərbaycanda elə banklar var ki, onların kreditlərinin 70 faizi əmanətlərin hesabına verilir. Bu həmin banklara böyük təhlükə yaradır. Onlar üçün əmanətlərin faiz dərəcələrini və özünü ödəməkdə çətinliklərə yol açır.
İndi isə gələk əsas məqamın üzərinə. Bəzi ekspertlərin iddialarına görə, bu məsələnin həlli var və heç bir o qədər də çətin deyil. Söhbət ondan gedir ki, Azərbaycan Mərkəzi Bankının çox ucuz - illik 5% dərəcəsi ilə verdiyi kreditlər kiçik bankları mümkün ağır durumdan xilas etmək üçün əhəmiyyətli addım ola bilər. Yəni banklar bu kreditləri alaraq təkrar kreditə
yönəltməklə öz dolanışıqlarını qurarlar və əhalidən kredit fəaliyyəti üçün dərəcəsi 10-15%-ə qədər çatan bahalı əmanətlər cəlb etməyə məcbur olmazlar. Lakin göründüyü kimi, Azərbaycan bankları, xüsusilə də kiçik banklar belə ucuz vəsaitləri almaq əvəzinə bahalı əmanətlərə meylli olurlar ki, burada da müəyyən anlaşılmaz məqamlar var.
Üstəlik, Mərkəzi Bankın verdiyi mərkəzləşmiş kreditləri (bu məbləğ ümumi kredit dövriyyəsinin cəmi 15%-ni təşkil edir) araşdıranda belə görünür ki, bu vəsaitlərdən də ən çox iri banklar yararlanır, kiçik banklar bu kreditləri almaq imkanına malik olsalar da, nədənsə bundan imtina edərək, yenə də fəaliyyət üçün daha bahalı olan əmanətlərə və öz kapitallarına üz tuturlar. Görünür, Mərkəzi Bankın bu kreditlər üçün qoyduğu şərtlər, əsasən texniki şərtlər onlar üçün əlverişli deyil ki, bu da nəticədə ölkə üzrə kreditləşmə səviyyəsini aşağı salır. Eyni zamanda da kiçik bankları onları gözləyən hər hansı başqa risklərdən qorunmaq üçün həmin kreditləri əldə etməyə meyllənməsini əngəlləyir.
Bəzi ekspertlər Mərkəzi Bank sədri Elman Rüstəmova da iradlarını çatdırırlar, onlar hesab edirlər ki, ölkənin baş bankiri həm mərkəzləşmiş kreditləşmə üzrə vəsaitləri artırmamaq, həm də kiçik bankların bu kreditlər üçün qoyulan şərtlərə uyğun səviyyəyə qədər inkişaf etməsinə çalışmaq üçün yetərli təşəbbüskarlıq göstərmir. Yəni özəl bankların yalnız dar bir çevrəsinin bu kreditlərdən yararlandığı bu vəziyyəti dəyişdirmək üçün Mərkəzi Bank rəhbərliyi faktiki olaraq heç bir həmlə etmir.
Bunun isə ümumiyyətlə götürdükdə Azərbaycan iqtisadiyyatı üçün ağır nəticələri ola bilər. Məsələn, neft hasilatı gündən-günə azalan Azərbaycanın neftdən kənar bölmədə böyük canlanma və sahibkarlıq aktivliyinə bəslədiyi ümidlər özünü doğrultmayacaq.
Bir çox ekspertlər əmindir ki, Elman Rüstəmovun rəhbərliyi altında Mərkəzi Bank kiçik bankların mümkün təhlükələrdən qorunmasında maraqlı deyil. Yəni həmin bankların bank sektorundan kənarlaşması daha çox arzu edilir ki, zaman-zaman ölkədəki bankların sayının 20-yə və hətta daha aşağı düşəcəyi yönündə iddiaların ortaya atılması da bununla izah olunur.
Mərkəzi Bankın belə bir niyyətinin nəyə hesablandığını isə hələ də heç kim bilmir.
Amma istisna edilmir ki, bu ölkənin bank sektorunda payları olan bir çox məmurları (xüsusən kiçik bankların vəzifəli himayədarlarını) bu sahədən kənarlaşdırmaq, bank sektorunun ən yaxşı halda bir neçə iri məmurun nəzarəti altında qalmasını təmin etməyə hesablanıb.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00