Bolqarıstanın energetika naziri Türkiyədə mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına uzunmüddətli çıxış və onun sərhədinə qaz tranziti ilə bağlı razılaşmaya gətirib çıxaracağına ümid etdiyi danışıqlar üçün İstanbuldadır.
“Unikal” xəbər verir ki, danışıqlarda Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz” və qaz şəbəkəsi operatoru “Bulqartransgaz”ın rəhbərləri də iştirak edir.
Balkan ölkəsinin qaza olan tələbatının 95%-dən çoxunu ödəyən Rusiya Sofiyanın rublla ödəməkdən imtina etməsindən sonra aprel ayında Bolqarıstana tədarükünü dayandırıb.
Energetika Nazirliyinin sözçüsü bildirib ki, nazir səlahiyyətlərini icra edən Rossen Xristov və rəhbər şəxslər cümə axşamı axşam saatlarında İstanbula uçublar.
Yola düşməzdən əvvəl Xristov jurnalistlərə Bolqarıstanın Bulgargaz şirkəti ilə Türkiyənin Botaş şirkətləri arasında danışıqların sürətlə davam etdiyini və bu il razılığın əldə olunacağına ümid etdiyini bildirib.
“Biz Türkiyənin LNG terminallarında ildə bir milyard kubmetr qaz tutumunun saxlanması və qazın Botaş şəbəkəsi vasitəsilə sərhədimizə nəqli üçün danışıqlar aparırıq”, - deyə Xristov bildirib.
“Bu, çox vacibdir, çünki LNG yüklərinin daşınması üçün kifayət qədər təkliflərimiz var. Bizdə olmayan şey onları harada boşaltmaqdır” deyə o, bildirib.
Bolqarıstan ildə 1 milyard kubmetr LNG idxal etmək üçün Türkiyə terminallarında tutumlarını 2036-cı ilə qədər ehtiyatda saxlamaq istəyir. 2023-cü il üçün tutum aşağı olacaq, çünki Bulgargaz artıq bir neçə aydır Yunanıstanın LNG terminalında yerlər bron edib.
Xristovun sözlərinə görə, Botaş ilə tutum və tranzit müqaviləsi Bulgargaza ABŞ və ya Avropa LNG istehsalçıları ilə öz qaz idxalı müqavilələri bağlamağa və Rusiya qazından asılılığı azaltmağa imkan verəcək.
Bulgargaz da daha yaxşı qiymətləri təmin etmək üçün Botaşın ABŞ və Avropadakı əsas LNG istehsalçıları ilə apardığı danışıqlara qoşula bilər.
Hazırda ölkə Azərbaycandan ildə 1 milyard kubmetr qaz idxal edir və ehtiyacının qalan hissəsini, yəni ildə təxminən 3 milyard kubmetr qazını qonşu Yunanıstandan LNG idxalı hesabına ödəyir.
Energetika Nazirliyinin planlarına görə, Bolqarıstan qaz ehtiyacının üçdə birini Türkiyə üzərindən LNG idxalı, üçdə birini 2024-cü ildə istifadəyə veriləcək Yunanıstanın Aleksandrupoli şəhəri yaxınlığındakı LNG terminalı və üçdə birini isə Azərbaycandan tədarük hesabına ödəyəcək.
Gültəkin Ələsgər