Baş Prokurorluq Şəmkirdə valyutadəyişmə məntəqəsindəki qumbara partlayışı barədə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, hadisə vaxtı iki nəfər xəsarət alıb."Yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində "VAZ 2107" markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır, - deyə məlumatda qeyd olunub.

19:43

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın təfərrüatları açıqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus "VAZ 2107" markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. 

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

xxx

18:42

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Unikal"a verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

"Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

xxx

17:54

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

"Unikal"ın məlumatına görə,  hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb. Belə ki, naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. 2 nəfər kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Tural Əhmdov