Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana təşəkkür edib.
“Unikal” xəbər verir ki, bu barədə Baş nazir tviter hesabında yazıb.
“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər seldən zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də ümumi insanlığa olan inamımızı bərpa edir”, - Baş nazir tviter hesabında yazıb.
Daha əvvəl Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfransda məlumat verilib ki, Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına əlavə 2 milyon dollar ayırıb.
Tədbirdə ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub.
Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.