Qış aylarında insanların xaş, xəngəl, düşbərə və digər xəmir yeməklərinə üstünlük verməsi adət halını alıb. Elə insanlar var ki, həftədə bir neçə dəfə xəngəlxanalara üz tuturlar.
Bəs, xəmir yeməklərinin, xüsusilə də xəngəlin insan orqanizminə mənfi təsirləri nələrdir?
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən həkim-dietoloq Leyla Zülfüqarlı bildirib ki, qış aylarının yeməyi xəngəl deyil:
"İnsanlar düşünür ki, xəmir yeməkləri güclüdür, immuniteti qaldırır. Əslində isə belə deyil. Hər hansı yeməyin qida dəyəri onun kalorisinə görə və tərkibindəki faydalı maddələrə görə müəyyən edilir. Xəngəlin və digər xəmir yeməklərinin yalnız kalori dəyəri çoxdur. Misal olaraq, bir boşqab xəngəlin kalorisi təxminən 700-800-dən yuxarıdır. Bu yeməklər dərhal qanda şəkərin miqdarını yüksəkdir.
Qış aylarında insanların çox üstünlük verdiyi yeməklərdən biri də xaşdır. Xaşla xəngəli müqayisə etsək görərik ki, xaş qış aylarının yeməyi hesab edilə bilər. Xaşın tərkibində kifayət qədər faydalı yağ turşuları, D vitamini var. Bunlar immun sistemimiz üçün olduqca vacibdir, amma xəmir yeməklərinin tərkibində yalnız bir qrup vitamin var ki, biz həmin vitaminləri gün ərzində digər qidalardan, məsələn çörəkdən və tərəvəzlərdən alırıq.
Qaraciyər piylənməsindən danışsaq, bu xəstəlik təkcə yağlı yeməklər yox, həmçinin xəmir yeməkləri yedikdə baş verir. Qaraciyər piylənməsinə adətən ağır yeməklərlə birlikdə alkoqollu içkilər qəbul edən kişilərdə rast gəlinir. Pivə kimi ağır içkilərin istifadəsi də buna təsir edir. Bir bokal pivə ilə bir boşqab xəngəl eynidir, onları ekvivalent hesab etmək olar.
Xəmir yeməklərinə üstünlük verilməsi bəzi xəstəliklərə - şəkərli diabet, qan-damar xəstəlikləri, təzyiqin yüksəlməsi, qaraciyər piylənməsi və hətta çox ciddi qadın xəstəliklərinə də yol aça bilir. Bəzi xanım pasiyentlərin müayinəsini aparanda görürük ki, o, həftədə bir neçə dəfə xəmir xörəkləri bişirir və ya yeyir.
Bir sözlə, qışın yeməyi xaş olsun, bununla razıyam. Xəngəl isə ayda bir dəfə yeyilə bilər.
Mən tövsiyə edərdim ki, insanlar qış aylarında xəmir yeməklərinə yox, daha çox balıq məhsullarına üstünlük versinlər", - deyə o qeyd edib.
Murad İbrahimli