Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarında dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada həyata keçiriləcək.
İndiyə qədər Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində — adyunktura) yolu ilə həyata keçirilirdi.
Qərara əsasən, adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı aşağıdakı kimi olacaq:
- Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə ali hərbi təhsil müəssisələrinin illik qəbul planları onların tabe olduqları müvafiq dövlət orqanlarının sifarişləri əsasında bu Qaydaların tələblərinə uyğun olaraq təsdiq edilir.
- Bu Qaydaların doktoranturaya qəbula, habelə doktoranturada təhsilin formaları və müddətlərinə aid tələbləri adyunkturaya da şamil edilir.
- Adyunkturaya ali təhsil müəssisələrinin magistratura səviyyəsini bitirən və ali hərbi təhsil müəssisələrinin nizamnamə- lərində nəzərdə tutulan hərbi qulluqçular, bu təhsil müəssisələrində çalışan professor-müəllim heyətindən olan şəxslər, habelə milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər bu Qaydaların tələbləri nəzərə alınmaqla qəbul olunurlar. Milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər adyunkturaya qəbul üzrə müsabiqəyə çalışdıqları dövlət orqanlarının (qurumlarının) göndərişləri əsasında buraxılırlar.
- Adyunkturaya qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid olan ixtisaslar üzrə aparılır.
- Adyunkturada təhsil alan zabitlərin və mülki şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığına da şamil edilir.
- Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi bu Qaydalara uyğun olaraq onları göndərən dövlət orqanının razılığı əsasında aparıla bilər”.