Daha çox çoxmərtbəli yaşayış binalarında ya qaz sızmasından, ya da elektrik şəbəkələrində əmələ gələ artıq yüklənmə səbəbindən yanğınlar olur. Əvvəlki illərdə olduğu kimi, bu il də belə hallar baş verib.
Bəs görəsən belə hadisələrin baş verməsi yeni tikililərə etibarı azaldırmı?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Unikal"a açıqlamasında bildirib ki, insanlarda yanaşmalar müxtəlifdir. O bildirib ki, Azərbaycanda insanların mənzil seçmək imkanları məhduddur:
"Ölkəmizdə mərkəzləşdirilmiş istilik sistemi olan binaların sayı azdır. Hesab edirəm ki, hökumət bunu nəzərə alıb mərkəzləşdirilmiş istilik təchizatının formalaşdırılması, əhalinin təbii qaz və elektrik enerjisi sistemindən daha az istifadə etməsində maraqlı olmalıdı. Artıq bununla bağlı layihələrə başlamağın zamanıdır.
Xaricdə ölkələrdə də bunu görürük. Qeyd etdiyiniz məqamlar, insan həyatı ilə bağlı təhlükəlidirsə, digər tərəfdən ekoloji baxımdan ölkəyə ciddi ziyan vurur. Belə ki, təbii qaz və elektrik enerjisi ölkə daxilində daha çox istifadə olunur. Ölkə bunu ixrac edib, daha çox gəlir götürə bilər. Hökumət bu məsələləri nəzərə almalıdır. O zaman qeyd olunan problemlər də tədricən aradan qalxar".
Anar Kəlbiyev