Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək birdəfəlik yerləşmə müavinətinin məbləği müəyyən ediləcək.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
-“Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinətinin;
-həmin qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinətin;
-həmin qanuna uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinətinin.