Arif Vəliyevin komitəsinin yalanı necə ifşa edildi?
15:36 12-03-2013
İQTİSADİYYAT
Sonra da deyirik ki, camaat Dövlətstatkom-un rəqəmlərinə niyə inanmır
2013-cü ilin yanvar-fevralında Azərbaycanda istehlak qiymətlərinin artımı illik hesablamada 1% olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildiriblər.
2012-ci ilin yanvar-fevralı ilə müqayisədə ərzağın qiyməti 0,2% ucuzlaşıb. DSK əməkdaşlarının müşahidəsinə görə, qeyri-ərzaq malları 0,4%, xidmətlər 3,4% bahalanıb. Azərbaycanda inflyasiya 54 rayonda 565 növ mal və xidmətin qiymətinin müqayisəsi ilə müəyyən edilir.
Amma alternativ hesablamalar Arif Vəliyevin komitəsinin rəqəmlərinin reallığa uyğun gəlmədiyini söyləməyə əsas verir. Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına görə, istehlak qiymətlərinin artımı illik hesablamada 9,92% olub. Ərzaq inflyasiyası isə 18% təşkil edib.
2012-ci ilin yekununda bu iki institutun məlumatları arasında 10 dəfəyə yaxın fərq olub. Hərçənd 4 il yekun rəqəmlər yaxın olurdu. Bu, İTM-in ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə 2007-ci ildə alternativ inflyasiya hesablanması 5 illik layihəsinə başlamasından sonra baş verdi.
Qeyd edək ki, rəsmi inflyasiya hesablanması metodologiyasının analizi və dünya təcrübəsinin öyrənilməsi göstərib ki, DSK rəhbərliyi qiymət indeksi hesablanması üzrə formal metodikadan istifadə edir. Amma bu metod mala tələbatın artımı və azalması da daxil bazar münasibətlərinin bütün spektrini əhatə etmir.
Bundan əlavə, DSK müstəqil deyil və «hər ehtimala qarşı» rüblük rəqəmləri açıqlamır, dövlət başçısının çıxışını gözləyir. Ona görə onun rəqəmlərini real saymaq olmaz.
Müstəqil iqtisadçı-ekspertlər də hesab edir ki, istehlak qiymətləri indeksi iqtisadi risklər hesaba alınmaqla, məsələn, VaR (Value-at-Risk, «riskə məruz qalan qiymət») metodologiyasının köməyi ilə hesablanmalıdır. Bu, bazarın müxtəlif seqmentlərinin risk qiymətləndirməsini hesablamaq imkanı verir.
Əhalinin böyük hissəsi varlı və ya orta təbəqəyə aid deyil və gəlirin 2/3-i ərzağa xərcləyir. Ona görə qiymət artımı əhalinin yığımını yeyir. İdxalın bütün sahələri inhisarda olduğu üçün qiymət artımı labüddür. Dövlətstatkomun səsləndirdiyi istehlak qiymətlərinin artımı faizi iqtisadçılar və ictimaiyyət tərəfindən ciddi qəbul edilə bilməz.
İnflyasiya ötən il 1% korrektə edildiyi üçün əhali minimal pensiya və əmək haqqının indeksasiyasından məhrum oldu. Reallıqda əhali 10% olan inflyasiya ilə üz-üzə qaldı.
Bütün bunlardan çıxan son nəticə nədir? Azərbaycanda nəinki müstəqil ekspertlər və media, ümumilikdə sıravi vətəndaşlar da Dövlətstatkom-un rəqəmlərinə etibar etmirlər. Hesab edilir ki, Arif Vəliyevin rəhbərlik etdiyi komitə rəqəmlərlə «rəqs» etməklə, onu hökumətin maraqlarına uyğun şəkildə ya artırmaq, ya da azaltmaqla məşğuldur.
Elə yuxarıdakı məqamlar da bunu bir daha ortaya qoyur.
Bütün bunlardan sonra isə rəsmi statiistikaya inanmadığına görə başqalarını - müstəqil ekspertləri, müstəqil mətbuatı və bütövlükdə ictimai rəyi qınamaq nə qədər doğrudur? Axı Dövlətstatkom nə vaxt real rəqəmləri açıqladı, nə vaxt onun açıqladıqları rəqəmlərlə reallıq arasında uçurum yaşanmadı ki, camaat da Arif Vəliyevin komitəsinin hesablamalarına etibar etsin?!
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00