Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.
"Unikal" xəbər verir ki, görüşdə “Kromatix SA” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar, o cümlədən Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə enerjinin istehsalı məsələlərindən danışılıb.
Şirkətin xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal etdiyi bildirildi. Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparıldı.
Rafik Hanbali "Kromatix SA" şirkətinin ölkəmizdə, xüsusilə Ələt Azad İqtisadi Zonasında müəssisənin yaradılması planları barədə dövlətimizin başçısına məlumat verdi. Pilot layihə kimi “Kromatix SA” şirkətinin Cəbrayıl rayonunda məktəbin binasının üzlənməsi ilə bağlı həyata keçirməyi planlaşdırdığı layihənin önəmi qeyd edildi. Gələcəkdə bunun digər məktəblərdə də tətbiq olunmasının nəzərdə tutulduğu vurğulandı.
Dövlətimizin başçısı şirkətin Azərbaycanda planlaşdırdığı layihələri dəstəkləyərək, ölkəmizdə iqtisadi inkişaf imkanları, daxili bazara və bölgədəki digər bazarlara çıxış üçün mövcud şərait barədə məlumat verdi.
Görüşdə “Kromatix SA” şirkəti ilə Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın təməlinin qoyulduğu bildirildi.
Prezident İlham Əliyev “Kromatix SA” şirkətinin rəhbərini Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
*** 1114
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.