"Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin vəziyyəti, fəaliyyəti qənaətbəxş deyil. Demək olar ki, böyük fəlakətə gedir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.
Deputat bildirib ki, parlamentin son çağırışı ərzində bələdiyyələrin fəaliyyətinin təkmiləşdirilməsinə xidmət edən heç bir qanun layihəsi nə müzakirə edildi, nə də qanun qəbul olundu: “Əksinə, obyektiv səbəbdən bələdiyyələrin müəyyən səlahiyyətləri əllərindən alındı. Çünki bələdiyyələr öhdəsinə düşən işləri həyata keçirə bilmirdilər. Bələdiyyələr bu gün o vəziyyətdədir ki, onların kosmetik deyil fundamental islahatlara məruz qalmalıdır. Bələdiyyə islahat tələb edən sahədir. Ölkəmiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız artır, idaəretmə sahəsində nailiyyətlər əldə edilir. Bələdiyyələr bu günə qədər necə fəaliyyət göstəribsə, indi də o qayda da davam edirlər. Bu da qəbuledilməzdir. Çünki bələdiyyə birbaşa vətəndaşlarla işləyən qurumlardır. Bələdiyyələrin birləşməsi əsas məsələ olmalıdır. Bu gün ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir ki, bunun da 87 %-i kənd bələdiyyəsidir. Onlar da ən zəif, səmərə göstərməyən, özünü güc-bəla ilə saxlayan qurumlardır. Dövlətdən alınan dotasiya hesabına yaşayırlar. Bu, qəbuledilməzdir. Bu gün bələdiyyələrdə iclas mədəniyyəti yoxdur. Bələdiyyə iclaslarının keçirilməsi qərar layihəsi yazılır və üzvlərə göndərilir imzlanır. Bunu da iclas kimi qəbul edirlər. Bələdiyyənin nüfuzu cəmiyyətdə qalxmasa, bələdiyyəyə kim gedəcək? Bələdiyyələrin nüfuzu elə də yüksək deyil. Bələdiyyələrdə iclas mədəniyyəti yoxdur. Bələdiyyələr iclas keçirmirlər. Bu məsələyə formal şəkildə yanaşırlar".
Anar Kəlbiyev