"Yaxın zamanlarda bələdiyyələrin fəaliyyəti ilə bağlı məruzə dinləniləcək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bələdiyyələrin fəaliyyət istiqamətləri onların özündən asılıdır: “Bələdiyyə üzvlərinin sayı da azaldılmalıdır. Elə bələdiyyə var ki, onun 1500, eləsi də var ki, 19 üzvü var. İqtisadi zona formalaşıb. Gələcəkdə icra hakimiyyətlərinin formalaşması prosesi getdikcə, bələdiyyələr də o formaya keçəcək. Bununla da bələdiyyələrin sayının kifayət qədər azaldılması ortaya çıxacaq. Problem hər zaman olub və biz də bunu qaldırmışıq”.
Komitə sədri qeyd edib ki, bizdə olan bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı Türkiyədəkindən çoxdur.
"Regional strukturlar yaranacaqsa, avtomatik olaraq bələdiyyələrin də fəaliyyəti genişlənəcək. Kənd bələdiyyələrinin imkanı şəhər bələdiyyələrindən daha çoxdur. Amma bundan lazımı səviyyədə istifadə etmirlər. Ancaq büdcədən ayrılanı dərhal xərcləməyə üstünlük verirlər. Bunların qarşısını alacağıq”.
Anar Kəlbiyev