"Təəssüf ki, Ermənistan hələ də hərbi-siyasi təxribatlarını davam etdirərək bölgədə sabitliyin təmin olunmasına maneə törədir. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan regionumuzda davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması istiqamətində səylərini davam etdirmək əzmindədir. Azərbaycanın sülh gündəliyinin qələbəsinə inanırıq".
"Unikal" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov XİN-də 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində deyib.
O qeyd edib ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden mədənlərinin qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekofəalların Şuşa şəhərindəki aksiyası 39 gündür davam edir.
“Təəssüf hissi ilə qeyd etmək istərdim ki, 1990-cı illərdə olduğu kimi, bu gün də Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana münasibətdə ikili standartların şahidi oluruq. Bu aksiya Azərbaycan torpaqlarında həyata keçirilir. İkili standartlara baxmayaraq, Azərbaycan xalqı öz haqqını tələb edəcək və istəyinə nail olacaq. Azərbaycanın öz ərazilərinin təhlükəsizliyinin qarantı kimi Laçın-Xankəndi yolunda suveren hüquqlarımıza uyğun olaraq tam nəzarəti təmin etməsi dövlətimizin haqqıdır", - deyə nazir müavini bildirib.