"Regionda Ermənistan amili getdikcə azalır. Bununla yanaşı, Rusiya amili getdikcə çoxalır".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ruben Vardanyanın bölgəyə gətirilməsini və onun qondarma rejimin "dövlət naziri" təyin edilməsi Rusiyanın layihəsidir:
"Hətta Ermənistanın Baş naziri də bu adamı tənqid edərək bildirir ki, o, oradan getməlidir. Vardanyan isə həyasızlığına salaraq münasibətləri gərginləşdirməyə davam edir. Mənə maraqlıdır ki, dünya ölkələri, ATƏT və Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsinə qarşı niyə belə şübhəli yanaşır? Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma bunun praktikada reallaşması üçün səy göstərmirlər. Azərbaycan öz problemlərini həll edəndə isə tənqidi fikirlər səsləndirirlər.
Mənim fikrimcə, Azərbaycan bu məsələdə axıra qədər prinsipiallıq nümayiş etdirməlidir. Güman edirəm ki, belə də olacaq və Azərbaycan Qarabağın dağlıq hissəsindəki seperatçıların yaşadığı ərazidə öz suverenliyini bərpa edəcək", - deyə o qeyd edib.
Qabil Hüseynli həmçinin regionda Rusiya faktorundan da danışıb:
"Rusiya hər şeydə öz milli maraqlarını qoruyur. Ona görə də, bölgədə sülhün təmin olunması məsələsində fərqli mövqelər sərgiləyir. Məsələn, problemin həll edilməsi ilə bağlı Rusiyanın mövqeyi bundan ibarətdir ki, Qarabağın statusu məsələsinə sülh müqaviləsi bağlandıqdan sonra baxılmalıdır. Halbuki biz status məsələsini cəhənnəmə göndərmişik. Bu çox əcaib bir fikirdir və ermənilərin ayağının altına daş qoymaqdır.
Arayik Arutyunyan da, Ruben Vardanyan da Rusiyanın göstərişlərini həyata keçirir. Bu da Azərbaycanın suverenliyinin bərpa edilməsinə ciddi maneə törədir. Azərbaycan hələ ki, səbirli və təmkinlidir. Yəqin ki, çox da uzun olmayan zamanda ilk öncə Qarabağdakı qanunsuz erməni silahlı dəstələri, daha sonra seperatçılar həmin ərazilərdən çıxarılacaq. Onlarla artıq danışıqlar gedir və qeyri-rəsmi görüşlər keçirilir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Biz sakinlərimiz hesab etdiyimiz Qarabağ erməniləri ilə əlaqələri inkişaf etdirməyə çalışmalıyıq. Bu istiqamətdə ilkin nəticələrin olduğu deyilir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı başqa cür danışıq və onun suverenliyinin bərpasına mane olmaq alınmayacaq".
Murad İbrahimli