Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.
"Unikal" xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.
Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Gün ərzində aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 60-dan çox avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən aksiya artıq 43 gündür davam edir.