“Bir çox özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də vergi məsələsinə görə tərəddüd içərisində qalır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, bu məsələ ilə bağlı parlamentdə dinləmə keçirilsə yaxşı olar: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclas keçirək və lazımi qurumları dəvət edərək sponsorların göstərdiyi maddi dəstəyin vergidən azad olunması məsələsini müzakirə edək. Heç olmasa sponsorlar gənclərin qurduğu təşkilata ödədiyi məbləğin ən azı DSMF-sini ödəməsinlər. Bununla bağlı çoxsaylı müraciətlər də alırıq. Odur ki, vergilərdə hər hansı güzəştin olması arzuolunandır”.
Komitənin sədri, vitse-spiker Adil Əliyev də öz növbəsində bu kimi problemlərin olduğunu təsdiq edib: “İdmançılara və gənclər üçün ödənilən məbləğə sadələşdirilmiş vergi tətbiq olunsun. Etiraf edək ki, ölkədə idmançılara və gənclərə dəstək mədəniyyəti o qədər inkişaf etməyib. Hər hansı şirkət belə bir dəstək vermək istəyirsə, təbii ki, müəyyən hallarda vergidən azad olunmağı istəyir. Qanunvericilklə bu məsələ tənzimlənsə yaxşı olar”.
Anar Kəlbiyev