Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Türkiyə Respublikasına səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Anıtqəbiri ziyarət etmiş, Atatürkün məzarı önünə əklil qoymuş və Anıtqəbir muzeyi ilə tanış olmuşdur. Baş nazirin müavini Şahin Mustafayev xatirə kitabına ürək sözlərini yazmışdır.
Eyni zamanda, nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət etmiş, Ulu Öndərin abidəsi önünə əklil qoymuş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişdir.
Ankarada nümayəndə heyətini Türkiyə Respublikasının Vitse-Prezidenti Fuat Oktay qəbul etmişdir. Görüşdə dövlət başçılarımızın səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilmiş, uğurlu əməkdaşlığımızın artıq ikitərəfli formatdan çıxaraq, regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanmışdır.
Ümummilli liderlərimiz Heydər Əliyevin “bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” şüarları əsasında inkişaf edən münasibətlərimiz dövlət başçılarımız İlham Əliyevin TANAP layihəsinin açılış mərasimində səsləndirdiyi “Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.” və Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin imzalanma mərasimində səsləndirdiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.” tezisləri ilə yeni mərhələyə qədəm qoymuşdur.
Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində irimiqyaslı layihələrin icrasında da Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Ermənistan tərəfindən işğal dövründə həmin ərazilərdə hər şey, o cümlədən bütün infrastruktur tam dağıdılmışdır və bunlar müasir tələblərə uyğun yenidən qurulur. Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində hava limanları, su anbarları inşa edilir, avtomobil yolları salınır, dəmir yolları çəkilir, tunellər tikilir və digər bir sıra infrastruktur layihələri gerçəkləşdirilir.
Ankarada nümayəndə heyəti ilə eyni zamanda Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi arasında görüş keçirilmiş, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunması sahəsində Türkiyə təcrübəsi ətrafında müzakirələr aparılmış, təqdimatlar dinlənilmişdir.
Səfər çərçivəsində 27 yanvar tarixində nümayəndə heyətinin Çamlıdere su anbarına, Gerede içməli su tunelinə və bir sıra digər su təsərrüfatı obyektlərinə yerində baxış keçirməsi, su təsərrüfatı obyektlərinin inteqrasiyalı idarə edilməsi və səmərəli istismarı ilə bağlı fikir mübadiləsi aparması nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.