Moldovanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin tviterində paylaşım edilib.
"Moldova bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması və iki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir", - tvitdə bildirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.