Yanvarın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ouldla görüşüb.

"Unikal" xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycana təyinat alması və fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, ona uğurlar arzulayıb.

Səfirə Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox  azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Humanitar fəlakətlə üzləşdiyi dövrdə ölkəmizə beynəlxalq təşkilatların dəstək və yardım göstərməsi minnətdarlıqla qeyd edilib.

Xatırladılıb ki, 2020-ci ildə Ermənistanın işğalına son qoyulmasından, torpaqlarımızın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin doğma yurda geri qayıdışına  imkan yaranıb. Bu prosesin könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə aparılması üçün zəruri tədbirlər görülür. Müvafiq dövlət proqramı qəbul edilib, bərpa və yenidənqurma işləri həyata keçirilir. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə hələ də mina təhlükəsinin qalması, ağır nəticələrə və insan tələfatına səbəb olması qayıdışın sürətləndirilməsini əngəlləyir. Minaların təmizlənməsinə Böyük Britaniya hökumətinin də dəstək verməsindən məmnunluq ifadə olunub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould səmimi qəbula görə təşəkkür edib. Fəaliyyəti dövründə birgə əməkdaşlığın genişləndirilməsi, qaçqın və məcburi köçkünlərlə bağlı layihələrin hazırlanıb həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.