BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını qətiyyətlə pisləyib.
"Unikal" xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik deyib.
“İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır”, - deyə BMT rəsmisi bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.