Şəkinin iri taxılçılıq yaşayış məntəqələrindən biri olan Çayqaraqoyunlu kəndi ərazisində biçilən taxıl sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən  "Unikal"a verilən məlumata görə, havanın isti və bir qədər küləkli olması nəticəsində biçilmiş taxıl sahəsində yanğın 15 hektarlıq ərazini əhatə edib.

Yanğın baş verməsi barədə məlumat daxil olan kimi hadisə yerinə Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Eləcə də yerli icra və bələdiyyə strukturunda çalışanlar da hadisə yerini nəzarətə götürüb. Birgə səy nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb, mühafizə səddi yaradılıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri araşdırılır.