"Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Ancaq bu müddət sabah başa çatır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı:
"Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə, o zaman sabahdan əmanətlərə vergi hesablanacaq. Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Doğrudur, bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb. Doğrudur, bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır".
Deputat bildirib ki, vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər:
"Bu milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlarla yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artırıb. O baxımdan, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın, ya da sığortaolunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək".
Seymur Əli