Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) 2 fevral – Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə ASAPES-in Sosial məsələlər, tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Almaz Ələkbərova, Elmi katib, professor Bəxtiyar Rüstəmov, Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Əhmədova, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri, dosent Nailə Kələntərli, ali təhsil ocağının gənc əməkdaşları və müəllimləri, həmçinin SABAH qruplarının tələbələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ASAPES-in prorektoru Almaz Ələkbərova Azərbaycanda həyata keçirilən gənclər siyasətində idmanın inkişaf etdirilməsi və kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilməsindən, beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsinin onların yeni uğurlar qazanmasında mühum rol oynamasından danışıb. O bildirib ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib və ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında aktiv şəkildə iştirak ediblər.

Tədbir “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi - Xalqın adamı” sənədli filminin nümayişi ilə davam etdirilib. Daha sonra Sosial elmlər kafedrasının baş müəllimi Nərmin Əzizova “Heydər Əliyev və təhsil”, Tələbə və könüllülərlə iş üzrə şöbənin mütəxəssisi Nəzrin Ömərzadə “Müasir Azərbaycan Respublikasında gənclər siyasəti”, SABAH qruplarının müəllimi, İdman oyunları kafedrasının müəllimi Səbinə İbrahimova “Ulu Öndərin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır” mövzusunda çıxışlar ediblər.

Tədbirin sonunda ASAPES-in Məşqçilik ixtisası üzrə S111A1 qrupunun tələbələri Mübariz Hüseynzadə və Vaqif İsmayılov Gənclər Gününün əhəmiyyətindən, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onlar üçün yaradılan əlverişli şəraitdən danışaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.