Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftarına kəskin etirazını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Gürcüstan hakimiyyəti Mixail Saakaşviliyə psixoloji və fiziki zorakılıq tətbiq edir, təcili tibbi yardıma ehtiyac duymasını rədd edir, onun həyatına bilərəkdən birbaşa təhlükə yaradır. Bu, Ukrayna vətəndaşına qarşı insan hüquqlarının kobud şəkildə pozulması halıdır. Tbilisinin Aİ-yə üzvlük əldə etmək üçün elan etdiyi kursla ziddiyyət təşkil edir, bu Gürcüstanda demokratiyanın dağılmasından xəbər verir”, - sənəddə deyilir.
Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətini Saakaşviliyə qarşı sui-istifadəni dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırıb.
Qeyd edək ki, 2021-ci il oktyabrın 1-də Saakaşvili Gürcüstanda saxlanılıb. O, Gürcüstanda bir neçə cinayət işində, xüsusən 2005-ci ildə Gürcüstanın keçmiş deputatı Valeri Gelaşviliyə hücumun təşkilində ittiham olunur. Buna görə o, altı il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın 29-da Saakaşvili saxlandıqdan sonra ilk dəfə məhkəmə qarşısına çıxarılıb və o, həbsdə olarkən ona işgəncə verildiyini bildirib. Saakaşvili ona qarşı irəli sürülən ittihamları siyasi təqib, özünü isə siyasi məhbus hesab edir.
Uzun aclıq aksiyasından sonra siyasətçinin vəziyyəti ağır olduğundan o, Rustavsk həbsxanasından Qoridəki hərbi hospitala köçürülüb.
Gülayə Mecid