15 iyun Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi hesab edilən Milli Qurtuluş Günüdür.

"Unikal" xəbər verir ki, hər il olduğu kimi bütün ölkə ərazisində, o cümlədən Lənkəranda Milli Qurtuluş Günü qeyd olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb. Ulu Öndərə olan hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində Milli Qurtuliş Gününə həsr olunan tədbir keçirilib.

Lənkəran ŞİH başçısı çıxışında bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqilliyini qorumaq və dövlətçiliyini gücləndirmək yolunda atdığı qətiyyətli addımın simvoludur. ”15 iyun tarixi xalqın iradəsi və liderin qətiyyəti nəticəsində ölkənin parçalanmadan xilas olduğu gündür" deyən Taleh Qaraşov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunmasının, sabitliyin bərpasının və gələcək inkişafın əsasının qoyulduğu tarix olduğunu vurğulayıb. Onun sözlərinə görə, məhz həmin dövrdən etibarən ölkəmizdə ictimai-siyasi sabitlik təmin edilmiş, iqtisadi inkişaf və quruculuq işlərinə başlanılmışdır.

İcra başçısı qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qurtuluş yolunun bəhrələrini yaşayır, dünya birliyində öz layiqli yerini tutur.

Daha sonra Milli Qurtuluş Günü ilə bağlı çıxış edən digər natiqlər 1993-cü ilin iyun ayında ölkədə yaranmış ağır siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi fonunda xalqın çağırışı ilə Bakıya dəvət olunan Ümummilli Lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsinin ölkədə sabitliyin və dövlətçiliyin bərpasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, Milli Qurtuluşun ən mühüm nəticələrindən biri Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi olub. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edib. Qeyd edək ki, Milli Qurtuluş Günü ilə bağlı rayonun təhsil, mədəniyyət,  gənclər, səhiyyə və digər müəssisələrində silsilə tədbirlər keçirilib və Ulu Öndərin abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.