Kamerunun keçmiş müdafiə naziri Edqar Alain Mebe Nqoo 38 milyon dollardan çox pul mənimsəməkdə ittiham olunaraq 30 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu qərarı ölkənin Xüsusi Cinayət Məhkəməsi fevralın 2-də verib.
Keçmiş nazirin həyat yoldaşı Bernadette də həbs cəzası alıb. O, 8 milyon dollara yaxın pul mənimsəməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə ər-arvadın əmlakına, o cümlədən 53 bina, 21 bank hesabı, 39 avtomobil və 500 min dollardan çox nağd pula həbs qoyub.
Bundan əlavə, Ngoo-nun tərəfdaşları, polkovnik Eli Mbutu və keçmiş Xəzinədarlıq Müfəttişi və Müdafiə Nazirliyinin müşaviri Maksim Leonard Mbange dövlət pullarını mənimsəməkdə təqsirli biliniblər. Onların hər biri 25 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqda iştirak edən digər şəxs, SCB bankının keçmiş baş direktor müavini Viktor Meunier çirkli pulların yuyulmasında iştirak etməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ngoo və həyat yoldaşı təqsirli olmadıqlarını və vəkilləri hökmdən Kamerunun Ali Məhkəməsinə müraciət edəcəklərini söyləyib.