FHN-nin “112” qaynar telefon xəttinə Bakı-Quba yolunun 130-cu kilometrliyində - Siyəzən ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış ünvanına cəlb olunub.
Məlum olub ki, “Volvo” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildən ayrılan təkərdə yanğın baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilə keçməsinə imkan verilməyib. Həmçinin, təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyularaq yanğın təhlükəsi aradan qaldırılıb.