"Zəlzələ zamanı hamımız evdə yatmışdıq. Bu, zəlzələ yox fəlakət idi. Bütün şəhər başımıza uçurdu. Sonra evdən qaçdıq, bizim ev də dağıldı. İnsanların gözü özgə heç kimi görmürdü".
Bu sözləri "Unikal"a Türkiyədə baş verən zəlzələnin mərkəzi Kahramanmaraş bölgəsində yaşayan azərbaycanlı Bünyadzadə Könül deyib.
57 yaşlı azərbaycanlı hadisə zamanı sözügedən bölgənin Maraş şəhərində olub: "Səhərə yaxın daha bir güclü təkan baş verdi. Ondan sonra şəhər demək olar ki, yox oldu. Burada təkcə bir məhəllə dağılmayıb, bütün şəhər məhv olub. Qalan evlər də elə vəziyyətdədir ki, daha orada yaşamaq mümkün deyil. Elektrik, internet, su, bir sözlə heç bir şey yox idi. Yerində ölmüş bir şəhər qalmışdı. Sonradan çadır qurub bizi orada yerləşdirib, gücləri çatan yardımı etdilər".
Digər Azərbaycan vətəndaşları ilə Bakıya təxliyə edildiklərini deyən hadisə şahidi, hazırda Türkiyənin Bingöl ərazisində olduqlarını bildirdi: "Biz Maraşdan çıxanda, orada vəziyyət çox ağır idi. Hava soyuq, hər yer cəsədlərlə dolmuşdu. Həyat yoldaşım türkiyəlidir. Hazırda onunla Azərbaycana gəlirik. Bingöl ərazisindəyik, Gürcüstan ərazisindən Bakıya keçəcəyik. Bizi səfirlik təxliyə edir. Yanımda azərbaycanlı tələbələr və ailələr də var".
Ağarza Elçinoğlu